“Damda pişik başı kəsib, ritual edirlər” -azərbaycanlı “emo”lar haqda şok faktlar

0
374

“Qızım uzun müddət özünə qapandı, mənimlə danışmadı. Bir-iki dostu vardı, ancaq onlarla görüşürdü. Çox qəribə olmuşdu. Mən onun həyatında baş verənləri biləndə, çox gec idi… Öyrəndim ki, “emo”lar kimdirsə, onlara qoşulub. Yığışıb evlərin damında pişik başı kəsirlər, kiməsə qurban verirlər, şeytana qulluq eləyirlər… Sonra da eşitdim ki, onlar arasından bəziləri özünü öldürür. Ən çox onda qorxdum və qızımı onlardan ayırmağa çalışdım. Onu mən doğmamışam. Neçə illər uşağım olmadı deyə, onu övladlığa götürdüm. Körpə vaxtı uşaq evindən götürmüşdüm. Zəhmətlə, zülmlə böyütdüm. Böyüyəndə də belə…. Bəzən özümü qınayıram, deyirəm, görən harda səhv eləmişəm, bəlkə ona lazımı qədər yaxın olmamışam, qayğı göstərməmişəm…”

Bunu News24.az-a Sumqayıt şəhər sakini Şəmsiyyə Əliyeva bildirib. Onun sözlərinə görə, qızı “emo”lara qoşulandan sonra uzun müddət öz dostlarından ayrıla bilməyib: “Nə qədər desə də ki, onlarla danışmır, mən yenə də inanmıram. Çünki onların uşağıma pis təsirini hiss eləyirəm. Bir neçə dəfə evdən gizlicə qaçıb. Heç kimə deməyib gecənin yarısı getmişdi. Dostluq elədiyi uşaqlarla yazışmalarını gördüm. Sonra qızımı maşın vurdu, bir müddət evə bağlı qaldı. Həmin məqamda ona təsir eləməyə çalışdım, tövbə elətdirdim. Fikirləşirəm ki, daha onlardan uzaqlaşıb. Amma yenə də içimdə bir narahatlıq qalır”.

Ara-sıra Bakıda qeyri-adi geyimlərdə, xüsusi saç düzümləri olan gənclərlə rastlaşırıq, özlərini “emo” adlandırırlar. İnsanlar bəzən onların geyim tərzlərinə gülüb keçirlər. Əslində isə məsələnin mahiyyətindən xəbərsizdirlər…

“Emo”lar kimdir, gəncləri belə qruplara qoşulmağa nə vadar edir? Yazımızda bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.

“Emo” – “emotional” (ingiliscə) sözünün qısaldılmış formasıdır. Yəni emosiyalı mənasını ifadə edir. Adından da göründüyü kimi, bu yola səmtlənənlər öz hisslərini göstərməyə çəkinmirlər, bu, onlar üçün zəiflik əlaməti sayılmır. Dünyada “emo”lar, əsasən xarici görünüşləri ilə diqqət çəkirlər. Üzlərinin görünən hissələrinə “pirsinq”, bədənin görünməyən hissələrinə döymə etdirirlər. Oğlanların əksəriyyəti makiyajdan istifadə edir. “Emo”ların həyatında rok mahnıları çox böyük yer tutur. Onlar sevdikləri filmlərə və rok mahnılara qulaq asmaqla və oturub ağlamaqla təskinlik tapırlar. “Sınmış ürək” isə emoların simvolu sayılır. Geyimlərində əsasən qara rənglərə üstülük verirlər, bu da, depressiyanı ifadə edir.

“Emo”lar sosial şəbəkədə xüsusilə fəaldırlar. “Facebook”da onların müxtəlif adda fəal qrupları var. Onlardan biri -“Aylincik Emocuk” (ad şərtidir) niki olan 17 yaşlı qızla həmsöhbət olduq. O, “emo” olduğunu təsiqlədi. “Aylincik Emocuk” bildirir ki, bir neçə dəfə intihara əl atıb: “Heç kim məni anlamır. Atamla anam boşanıblar. Dava-dalaşdan bezmişəm. Dostlarımın yanında özümü çox yaxşı hiss edirəm, məni yalnız onlar başa düşürlər. Çünki onlar da mənim kimidirlər. Bizdə “oğlan” və ya “qız” ayrıcalığı yoxdur. Əsas duyğularımızdır. O bizə nəyi diqtə eləyirsə, onu da edirik. Mən də bir neçə dəfə intihar eləməyə çalışmışam. Onsuz da, bizimkilərin əksəriyyəti intihar edir. Tanıdığım neçəsi var ki, özünü öldürüb. Onlardan biri özünü maşının altına atdı. Biri də özünü dənizdə öldürdü. Biz əsas geyimimizlə seçilirik, qızlar saçlarını qırmızı rəngə boyayır, sancaqlardan istifadə edir, sağ gözlərinə qara karandaş çəkirlər. “Emo”ların gözlərinin biri saçla örtülmüş olur, sol tərəfə kəsilmiş qara “çolka”saxlayırlar, arxadan isə saçlarının hərəsi bir tərəfə yönəlmiş olur”.

Maraqlıdır ki, belə qruplar haqda tez-tez eşitsək də, polis orqanalarında bu haqda şikayət yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a açıqlamada bildirilib ki, onlara “emo”larla bağlı şikayət daxil olmayıb.

Valideynlərindən qayğı görməyənlər emolara qoşulur…

Psixoloq Təhminə Çələbi bildirir ki, ona müraciət edənlər arasında “emo”lar var: “Əsasən, valideynlərindən yetərincə sevgi, qayğı görməyən uşaq və gənclər “emo”ya çevrilirlər. Mənə də bir neçə dəfə belə insanlardan müraciətlər olub. Onlar əsasən şəxsi problemləri ilə bağlı yardım istəyiblər. “Emo”lar əsasən, iki cür olurl. Özünü “emo” kimi göstərənlər, bir də həqiqətən “emo” olanlar. Yeniyetmələr arasında qruplaşmalar yarananda çox diqqətli olmaq lazımdır. Onların internetdə kimlə ünsiyyət qurmalarına fikir vermək lazımdır. Çünki bir qrup şəxslər tərəfindən müxtəlif virtual qruplar yaradılır və onlar yeniyetmeləri belə qruplara cəlb etməyə çalışırlar. Onları psixoloji hazırlayaraq bir araya gətirirlər, ağlasığmaz hərəkətlər elətdirməyə çalışırlar. Görünüş baxımdan özünü “emo” adlandıranlar, əslində daxildə hamı kimidirlər. Daha çox ətrafda belə fikir formalaşdırır ki, guya “emo”durlar. Mənim rastlaşdıqlarımın görünüşü fərqliydi. Çoxlu məişət problemləri vardı. Onu da deyim ki, yeniyetmələrin valideynləri xüsusilə diqqətli olmalıdır. Çünki o yaşda yeniyetmələr diqqət çəkə, lider ola bilməmələrini özlərinə dərd edirlər, fikirləşir ki, bəlkə bu imicilə fərqli ola bilərlər. Bu səbəbdən də, elə qruplara qoşulurlar”.

Məktəblər və valideynlər öhdəliklərini yerinə yetirə bilmirlər

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, texnoloji və informasiya inkişafı yekunda gənclərdə ciddi psixoloji problemlər yaradır: “Bu gün bizim müəllimlərimiz, valideynlərimiz uşaqlara informasiya baxımından uduzurlar. Yəni 5 il əvvəlin nəsli ilə müqayisədə bugünkü nəslin xaricdən aldığı informasiya hədsiz dərəcədə çoxdur. Yəni onların psixologiyasına ətraf aləm çox ciddi şəkildə təsir göstərir. Asudə vaxtda telefona, televiziyalara baxmaq, sosial şəbəkələri izləmək şagirdlərin beyninin əlavə informasiya ilə dolmasına gətirib çıxarır. Müəllimlərimiz, valideynlərimiz bununla mübarizə apara bilmirlər. Məsələn, bizim orta ümumtəhsil məktəblərində tərbiyə işləri üzrə direktor müavinləri vəsifəsi olsa da, onlar informasiya baxımından uşaqlardan çox geri qalırlar. Gənclər də, bəzən sosial şəbəkələrdə, hansısa saytlarda məşhur olan yaşıdlarına baxıb ucuz yolla populyarlaşmaq istəyirlər. Təəssüflər olsun ki, hər gün bir sosial şəbəkə ortaya çıxır. Gənclər orada məşhurlaşmağa çalışırlar. Bu da onların həyatları bahasına başa gəlir. Yəni əsas problem ondan ibarətdir ki, məktəblərimiz, valideynlər öhdəliklərini yerinə yetirə bilmirlər. Valideynlər uşaqları ilə vaxt keçirmir, bu səbəbdən də onların asüdə vaxtı səmərəli təşkil olunmur. Əvvəllər gənclər üçün pioner düşərgələri var idi, uşaqlar orada asudə vaxtlarını səmərəli keçirirdilər. Dərsdən sonra stadionda idmanla məşğul olurdular. Bu gün isə bunlardan məhrum olduqları üçün asudə vaxtlarını telefonda, internetdə, kompüterdə əyləncələrlə həyata keçirilər. Buna görə də həyatı təhlükə ortaya çıxır. Bununla əlaqədar təəssüflər olsun ki, qeyri-hökümət təşkilatlarının işləri də yetərli deyil, bu sahədə tam iş görə bilmirlər. Onlar formal tədbirlər həyata keçirirlər ki, bu da azdır. Ona görə də məktəbin və valideynlərin üzərinə böyük yük düşür”.

K.Əsədov onu da əlavə edib ki, şagirdlər mütəmadi olaraq psixoloqa aparılmalıdır: “Onların psixoloji inkişafı, psixoloji hərəkətsizliyi nəzarət altına alınmalıdır ki, baş verəcək hansısa təhlükənin qarşısı alınsın. “Mavi balina” oyunu var idi. İnsanlar belə oyunlara, sosial şəbəkələrə ona görə meyl edirlər ki, onlarla işləməli olan şəxslər öz öhdəliklərini yerinə yetirə bilmirlər. Boşluğunu insan kimdəsə axtarır və doldurur. Bir müddət sonra insan hansısa bir sioninst, dini, “emo” qrupların təsiri altına düşür. Hətta intihar edirlər, saçlarının düzümünü, geyimlərini dəyişirlər. Ona görə də biz gənclərə qəhrəmanlar verməliyik. Necə ki 30-40 il əvvəl gənclərimiz Azərbaycanın milli qəhrəmanlarına bənzəmək istəyirdilər. İndi təəssüf ki, bayağılaşma gedir. Çünki kitablarımız onlara şəxsiyyət kimi formalaşmağa imkan vermir. Bu səbəbdən də təhlükəli informasiyanın təsiri altına düşürlər”.