Bənzərsiz Məlik Dadaşov

0
350

Görkəmdə də, “səhnə iyerarxiyası” deyilən diksiya, baxış-naxış, yeriş-duruş aksiyalarında da…

Bu, çoxrəngli sənətin fırça-tişəsiz, qələm-kağızsız “səhnə” adlı sahəsində o qədər də asan məsələ deyil. “Özgə”-“başqa”larını cizgiləyib-yaradırkən, həm də başdan-başa özü kimi qalmaq, tez-tez “yeni”lənən tamaşa-tamaşaçılar, vaxtaşırı dəyişən aktyor-əşxaslar şahidliyində sözündən-“bez”inəcən özgür oluban qala bilmək nə demək?..
Səhnədə, ekranda “doqmatik” mətni ifadələri söylərkən müəlliflərin yazdığı, lazımi jestləri canlandırırkən rejissorların cızdığı “tilsim”dən çıxmaq asanmı?
Bunları öz “dili” (qüruru) ucbatından quyu müşkülünə düşən nağıl Məlikməmmədliyi də adlandırmaq mümkün.
Haqqında söhbət açdığım –
   
   Bu real Məlik –

çox bu sayaq suala keçərli ayaq verəsi bir sənətkar…
Onun “Axırıncı aşırım”dakı “Abasqulu bəyin nazıyla çox oynayırsan aaa, Kərbəlayi!..” pıçıltı-xısıltısının atomu bunu da bəyan edir ki, müqtədir aktyor özü də bu cür ifadələrin məhz bu tür deyilməsinin nazı ilə çox oynayıb!..
Adama elə gəlir ki, bu adam “Dəli Kür”dəki falaqqa səhnəsindəki o mədrəsə uşağının ayaqlarının altını Molla Sadıq əvəzi yox, elə öz əzmi ilə çubuqlatdırır.
Amma bu da var ki, Məlik Dadaşov fenomenindəki “ilk baxış” təəssüratlı sərtlik-əzazillik elementləri – bu xalqın əcnəbi (xüsusən erməni!) tamaşaçı təəssüratında “düşmən toxmağı” obrazının yaranmasında da az rol oynamır. Niyə də olmasın? Axı, hələ “böyük qardaş”a “kiçik qardaş”lıq etdiyimiz dövrlərdəki filmlərimizdə obrazlaşdırılmağa məcbur-məhkum olduğumuz “Zülümov”, “Kələntər əmi”, “Novruzəli” kimi fağır-mağmunluqlarımız arasında niyə “Qəmlo” kimi də sifətlənib-surətlənməməliydik?!.
1924-cü il iyunun 27-də Bakıda doğulan, özünü həyatın müxtəlif peşə sahələrində “itirib”, teatr səhnəsində tapmağa qərar verən Məlik Dadaşov Azərbaycan Teatr İnstitutunu bitirər-bitirməz, adı, istedadı haqda söhbətlər yayılır. 1950-ci ildə Azdramda işə götürülür və “Ailə namusu” pyesindəki ilk rolu Azərbaycan səhnəsinə gələcəyin daha bir ustad aktyoru vədi kimi səs-sədalanır.
Müasirlərinin üst-üstə düşən rəylərinə görə, gənc Məlikin daxilində müəllif sözlərini körükləyib daha da közərdən, rejissor mizanlarını ştrixləyib əlavə bir yozu da düzənləyən elementlər varmış. Ətrafındakı aləm – dedikcə yaradıcı, qaynar, başdan-başa münbit sənət mühiti bu gəncin yaradıcılıq bioqrafiyasına elə güclü təsir göstərir ki, o, “vaxtından xeyli əvvəl və artıqlaması ilə” üzə çıxır. İllər ötdükcə, nəinki öz şəxsi aura-aləmində, hətta Azərbaycan aktyorluq məktəbinin formalaşmasında da rol oynayır. Bu məsələdə onun klassik və müasir aktyor sənətinin sintezilə yaratdığı ifa tərzi xüsusilə qeyd edilir.
Bilmirəm, bəxtindən ya istedadındanmış – M.Dadaşova həmişə yalnız yaxşı (əsasən də mənfi!) rollar verilirmiş. Böyük ədiblərin də bəxtindənmiş ki, əsərlərinin “açar obraz”ları M.Dadaşova tapşırılırmış. Əks halda, bəlli “civəbala” Qəmlo, “bəla” Molla, “dılğır” erməni hərbçisi və başqalarını (hələ tarixə gömülmüş neçə-neçə teatr-səhnə obrazlarını demirik) kimlər və necə yaradacaqmışlar?..
Yəqin ki, mənim – “kinodakı (yəni ümumauditorial) obrazlarının gur işığı onun səhnə rolları üzərinə kölgə salıb” təəssüfümə şəriklər var…
Bəli, məşhur kinorejissor T.Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmindəki Şeyx Nəsrullah roluna M.Dadaşovu məhz səhnə “Şeyx Nəsrullahı”na görə layiq görmüş və çəkmişdi.
O, özü haqda “mənfi tiplərin klassik ifaçısı” kimi özəl bir rəy də yaratmışdı. Amma həmin “mənfilər” yığışıb-birləşib çox müsbət bir Məlik Dadaşov fenomeni yaratdı!
Ancaq… bu kimi fəxarətlərdə bir “təəssüf” obrazı da var. Belə ki, keçmiş İttifaqın məlum festivalında “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyaya onun adı mükafatçılar siyahısına salınmamışdı. “Səbəb”ə baxın: “…sovetlərin düşməni – yəni Qəmlo sovetin baş mükafatını ala bilməz”…
Teatrımızda ömrünün sonuna kimi çalışan Məlik Dadaşov U.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun “Nağıl başlananda” və s. tamaşalarda yaratdığı obrazlar bu gün də xatirələrdə “oynanılır”. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışan aktyor özünü teatr mütəxəssisi kimi də təsdiqlədi. Belə ki, həmin teatrın direktoru olduğu müddətdə repertuar xeyli zənginləşdi, yeni yaradıcı qüvvələr cəlb olundu. 80-ci illərdən ADMİU-da aktyor sənətindən dərs də dedi, bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etdi, sənətsevərlərin qəlbində canlı məktəb və müəllim kimi iz qoydu, öz böyük sələfi Əliağa Ağayevin səhnəmizdən, ekran-efirimizdən xüsusi ovqat saçan “tenor” bakılı ləhcəsinə “bariton” qardaşlığı etdi…

   Və bir-iki abzaslıq xatirə

Qızı Gülnarə Dadaşovanın dilindən:
Atam Bakıda məşhur olan “ağşalvarlılar”dan – Bakı xanları nəslindəndir. Soyadları da “Dadaşov” yox, “Xanbutayev” olub. Sovetlər gələndə Yusif babam soyadını dəyişsə də, Sibirə sürgün ediblər.
Atamgil üç qardaş olublar. Böyük əmim Salman Dadaşov aktyor (“Onun böyük ürəyi” filmində Oqtay rolunda və s.), Süleyman əmim isə (Xalq artisti Brilliant Dadaşovanın atası) universitetdə riyaziyyat müəllimi, gözəl musiqiçi olub. Uşaqlıqdan incəsənət vurğunu olmuş atam isə (bir az da, məşhur səhnə ustadı H.Ərəblinskiylə qohum-yaxınlıq səbəbilə), nə səbəbdənsə, əvvəl Tibb İnstitutuna daxil olur, sonra sənədlərini Teatr İnstitutuna (indiki ADMİU-ya) verir.
Hamı atamın daha çox mənfi obrazlar “yaratdığını” vurğulasa da, o, son dərəcə müsbət adam idi, qarışqanı tapdayıb keçməyə belə qıymazdı. “Dəli Kür” filminin çəkilişləri zamanı Cahandar ağanın bacısı Şahnigar rolunu ifa edən gürcü aktrisa Molla Sadığı oynayan atamın üzünə (meyxana səhnəsində) möhkəm bir sillə vurmalıymış. Epizod dəfələrlə dubl edilsə də, alınmır və nəhayət, rejissor H.Seyidzadə aktrisanın üstünə: “Silno! Oçen, oçen, oçen silno!!!” – deyə qışqıranda, iki ilə yaxın müddətdə azərbaycancanı ala-babat öyrənmiş gürcü qızı boynunu büküb deyir: “Quseyn mellim, ureyim gelmir axı berk vurum. On takoy dobrıy!..”
Atam bütün yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Biri – “Ölülər”də Şeyx Nəsrullah idi ki, deyirdi, Allaha ibadət edə-edə (son zamanlar namaz qılırdı), “Ölülər”in bəzi məqamlarında Allaha qarşı çıxıram. O biri isə “Fəryad”dakı düşmən (əslində, sovet dövründəki general Baqramyanın) obrazı! Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır, C.Mirzəyev atama yalvarır, “ustad, axı bu rol məhz Sizinçün yazılıb” deyirdi. Atam çox əsəbiləşir, gərginliklər yaşayırdı.
Filmin premyerasına ailəlikcə getmişdik. Tamaşaçılar arasında bu obraza mənfi münasibət göstərənlər çox idi. Hətta arxa sıradakı bir xanım atamın qulağı eşidə-eşidə söyləndi: “Özü də gör necə candan-ürəkdən oynayır, e!..”
Təbii ki, atam buna görə çox pis olurdu.
Bir gün Rusiyanın Xalq artisti Natalya Qundarevanın müsahibəsini dinlərkən maraqlı bir ifadə eşitdim: “Biz aktyorlar Allah tərəfindən cəzalandırılmışıq; həmişə özgələrini oynamağa, heç vaxt özümüzü oynamamağa məhkumuq. Biz “min sifət”ə giririk”…

Tahir Abbaslı