ABŞ və Meksika miqrasiya məsələsində razılığa gəldilər

0
544

ABŞ və Meksika  miqrasiya məsələlərinə dair razılığa gəldilər. Beləliklə də, bazar ertəsinə planlaşdırılmış gömrük rüsumlarının tətbiqi təxirə salındı.

Bu barədə ABŞ  prezidenti özünün “Twitter” hessabında yazıb.

“Mən ABŞ-ın Meksika ilə saziş bağlamağa nail olduğunu bildirməyə şadam. Bazar ertəsinə Amerika tərəfindən planlaşdrılmış gömrük rüsumlarının tətbiqi hazırda qeyri-müəyyən müddətə təxirə salınıb”, – deyə ölkə prezidenti yazıb.

Onun sözlərinə əsasən, Meksika miqrasiya siyasətini sərtləşdirəcəyinə boyun olub.

“Bütün bunlar Meksikadan ABŞ-a qeyri-qanuni miqrasiyanı kəskin azaltmaq və aradan qaldırmaq üçün edilir. Dövlət Departamenti yaxın zamanlarda sazişin detallarını dərc edəcək”, – deyə Tramp yazıb.

Meksika XİN rəhbəri Marselo Ebrard da öz növbəsində “Twitter” hesabında ABŞ nümayəndələri ilə ümumi sərhəddə miqrasiya böhranının tənzimlənməsi ilə əlaqədar razılığa gəlindiyi bildirib.

“ABŞ bazar ertəsindən (iyunun 10) gömrük rüsumu tətbiq etməyəcək. Yardım edən hər kəsə təşəkkür edirik”, – deyə Meksika XİN rəhbəri yazıb.

Xatırladaq ki, Tramp mayın 30-da Meksikadan ABŞ-a ixrac olunan bütün məhsullara 5%-lik gömrük rüsumunun tətbiq ediləcəyini bildirmişdi. O, belə bir qərarın qonşu dövlətdən gələn qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi ilə verildiyini bildirmişdi. O xəbərdarlıq etmişdi ki, rüsumlar miqrant axını dayanmayanadək artmaqda davam edəcək. Qərarın iyunun 10-da qüvvəyə minəcəyi gözlənilirdi.