«TƏZADLAR”IN ƏDALƏT MURADOVA QARŞI MƏHKƏMƏSİ KEÇİRİLDİ

0
565

Xəbər verdiyimiz kimi, bu gün mayın 29-da Səbail rayon Məhkəməsində “Təzadlar” qəzeti redaksiyasının Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova qarşı mülki iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirildi. Bu barədə qəzetin baş redaktoru Asif Mərzili məlumat verdi. Baş redaktorun sözlərinə görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında əsasən tərəflərin şəxsiyyəti və statusu müəyyənləşdirilib, iddianın predmeti nəzərdən keçirilib:
-Məhkəmənin iclasında universitetin hüquqşünası Mais Sadıqov və ADİU-nun bu mülki iddia üzrə hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibov iştirak edirdilər… Vəkil Kamandar Nəsibov şifahi vəsatət verərək bildirdi ki, guya mübahisələndirilən məsələnin onlara aidiyyəti yoxdur, çünki qəzet 3 dəfə sorğu verib və hər dəfə də cavablandırılıb, eləcə də guya həmin sorğularla bağlı artıq məhkəmə prosesi də keçirilib və qərar qəbul olunub və s. Lakin mən məhkəmənin diqqətinə çatdırdım ki, əksinə, bu gün məhkəmə mübahisəsinin predmeti olan və 4 sualdan ibarət sorğunun suallarından biri ilk dəfədir rektor Ədalət Muradova göndərilib, lakin cavablandırılmayıb. Digər 3 sualla bağlı da vaxtilə rektora sorğu göndərilib, yenə cavablandırılmadığından həmin sorğu aidiyyəti üzrə Prezident yanında AAK-ın sədr əvəzi vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynova göndərilib. V.Hüseynov da yazılı sorğunu cavablandırmadığından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırmışıq və məhkəmə tələb olunan məlumatların AAK-ın rəsmi saytında olduğunu əsas tutaraq iddianı təmin etməyib. Biz həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişik, bu instansiya məhkəmə də əvvəlki qərarı qüvvədə saxlayıb. Lakin qanunvericiliyin tələblərinə görə yazılı sorğuya yazılı da cavab verilməli idi… Hazırkı iş üzrə isə biz vaxtilə yazılı cavablandırılmamış 3 sualdan əlavə başqa daha bir sualı da əlavə edərək rektora göndərmişik. Həmin sorğuda isə 2017-2018-ci tədris ili üzrə ADİU-nun büdcədən və ödənişli təhsildən daxil olan vəsaitlərinin həcmi soruşulur. Hakimin də diqqətinə çatdırdım ki, həmin sorğu məlumatı ADİU-da çalışan müəllimlərdən daxil olmuş şikayət məktubları və müraciətlər əsasında hazırlanmış araşdırma məqaləsinin dərci üçün olduqca vacibdir. Biz neçə aydır ki, həmin məlumatın əldə edilməməsinə görə həmin məqaləni dərc edə bilmirik. Rektorun sorğunu cavablandırmaması isə jurnalist hüquqlarımızın kobud surətdə pozulmasıdır. Adətən KİV-lər o halda məhkəməyə verilir və ya KİV-dən ictimai təşkilat olan Mətbuat Şurasına şikayət göndərilir ki, niyə jurnalist məqaləni çap edərkən qarşı tərəfin mövqeyini soruşmayıb, sorğu verib cavab almayıb. İndiki halda, biz bu ilin fevralın 22-də rektor Ədalət Muradova sorğu göndərmişik, o isə bu günədək sorğunu cavablandırmayıb…
-Məhkəmə prosesində Mətbuat Şurasından nümayəndə var idimi, prosesi izləyirdilərmi?
-Xeyr, şuradan nümayəndə yox idi…
-Bəlkə müraciət edəsiniz, növbəti məhkəmə prosesində nümayəndə iştirak etsin…
-Məsələ ondadır ki, informasiya sorğusunun məmurlar tərəfindən cavablandırılmaması jurnalistikamızın hazırda ən problemli məsələsidir. Təbii ki, Mətbuat Şurasının rəhbərliyi belə məhkəmə proseslərində iştirakda maraqlı olmalıdır. Çünki şuranın KİV-lərə iradlı qərarları həmişə bu məsələ ətrafında yaranmış uyğunsuzluqdan qaynaqlanır…
-Məhkəmənin növbəti prosesi nə vaxt olacaq?
-İyunun 25-də, saat 11-00-da.
***
Xatırladırıq ki, məhkəmə iddiasına səbəb «Təzadlar» qəzetinin informasiya sorğusunun ADİU rektoru Ədalət Muradov tərəfindən cavablandırılmamasıdır. Belə ki, redaksiya 22 fevral 2019-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ə.Muradova 4 sualdan ibarət informasiya sorğusu göndərib. Lakin qarşı tərəf qanunvericiliyin tələblərini kobud surətdə pozaraq sorğunu cavablandırmayıb. Hansı ki, «KİV haqqında» Qanunun 8-ci maddəsində (Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ) yazılır: «Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz… Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir”.
Qanunun 59-cu maddəsində isə («Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət») yazılır ki, «…jurnalistə informasiya verilməsi üzərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdək imtina etmək; jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə cavab verməmək; habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər».
Seymur Abbaslı