Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan cəmdəyi aşkarlanıb

0
281

Qazax rayonunda diri çəkisi 315 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Bu barədə Report-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

AQTA və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində vətəndaş Cəfərov Musa Cavad oğluna məxsus avtomobilin yük yerinə baxış keçiriblər.

Bu zaman avtomobilin yük yerindən daxili orqanları çıxarılmış, ölmüş heyvan cəmdəyi aşkar olunub. İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədi ilə Qazaxdan Gəncəyə daşındığı məlum olub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanan heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.