Narkoloji dispanserdə gizlənən və yanğın zamanı kimliyi üzə çıxan şəxsə — HÖKM OXUNDU

0
445

Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şirzad Əsədov 16 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.
Hadisədən sonra Şirzad Əsədov narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə aldığı Narkoloji Mərkəzə gedib. Özünü başqa şəxs kimi təqdim edərək orada müalicə almağa, gizlənməyə başlayıb.

Bundan 2 gün sonra Narkoloji Mərkəzdə məlum dəhşətli yanğın hadisəsi baş verib və 25 nəfər xəstə dünyasını dəyişib.

Şirzad Əsədov isə sağ qalıb. Bu yanğınla bağlı araşdırma aparılarkən Şirzad Əsədovun əsl kimliyi üzə çıxıb. Bundan sonra o həbs edilib.