Məntiq Olimpiadasına Bakının 1500-dən çox şagirdi qatıldı

0
283

Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsində Bakı şəhərinin ümumi təhsil məktəbləri üzrə 1 500-dən çox məktəbli iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının final mərhələsində şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt verilib.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağını artırılmaqdır.