Heydər Əliyev mərkəzlərinin informasiya portalının təqdimatı olub

0
779

Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzində rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalının (http://heydaraliyev-centers.az) təqdimatı keçirilib.

Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Heydər Əliyev Mərkəzi ümummilli liderin siyasi irsinin araşdırılması, təbliğ olunması sahəsində böyük işlər həyata keçirib: “Heydər Əliyev Mərkəzi bu gün bir neçə istiqamətdə fəaliyyət göstərir. Mərkəz istər ölkə, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi əsas məkana çevrilib. Eyni zamanda, mərkəz Azərbaycan həqiqətlərinin, həmçinin tarixinin, mədəniyyətinin ölkə hüdudlarından kənarda da təbliği və təşviqi istiqamətində layihələr həyata keçirir, çoxsaylı işlər görür. Heydər Əliyev mərkəzlərinin informasiya portalının istifadəyə verilməsi bu mərkəzlərin fəaliyyətini çevik izləmək imkanı yaradacaq”.

Adil Kərimli əlavə edib ki, informasiya portalı Heydər Əliyev mərkəzləri arasında sıx əlaqələrin yaradılması, informasiya mübadiləsinin təşkili üçün xüsusi önəm daşıyır.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxış edərək Heydər Əliyev mərkəzlərinin fəaliyyətindən söz açıb. Nazir müavini deyib ki, bu gün Heydər Əliyev mərkəzləri ölkəmizin 60 şəhər və rayonunu əhatə edir. Nadir memarlıq üslubunda tikilən bu mərkəzlər rayonların ən gözəl tikililərindən biri sayılır, gənclərin, yerli əhalinin, rayona təşrif buyuran qonaqların, turistlərin ziyarət etdiyi əsas məkanlardan biridir. Bildirib ki, Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması köklü siyasi və iqtisadi islahatların həyata keçirilməsi, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi siyasətinin tədqiq və təbliği Heydər Əliyev mərkəzlərinin əsas vəzifəsidir.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Heydər Əliyev mərkəzlərinin fəaliyyətini bir pəncərədə birləşdirmək, onların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə interaktiv veb-portal hazırlayıb.

Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalı mərkəzlərin fəaliyyətini günün tələblərinə uyğun səviyyədə qurmağa kömək edəcək, stimullaşdıracaq, Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində yeni-yeni nailiyyətlərə sövq edəcək.

Sonra portalın təqdimatı olub. Məlumat verilib ki, portal Heydər Əliyev mərkəzləri haqqında bütün zəruri məlumatları özündə ehtiva edir. Portalda hər mərkəzin öz səhifəsi var və mərkəz haqqında bütün vacib məlumatlar – mərkəzin yaradılması, binası, mərkəzə dair sənədlər, rəhbərlik və əməkdaşlar, muzey sahələri, qalereya, kitabxana, dərnəklər, kurslar və sair məlumatlar bu səhifədə öz əksini tapıb.

Bundan əlavə, hər mərkəzin səhifəsində Heydər Əliyevin rayona səfərləri, rayonun sosial-iqtisadi həyatında oynadığı rol, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, mərkəzə yaxın mədəniyyət müəssisələri və rayon haqqında məlumatlar da yer alır.

Portalın ən böyük üstünlüyü Heydər Əliyev mərkəzlərində keçirilən tədbirlərin, rayonun sosial-iqtisadi, siyasi həyatına dair vacib xəbərlərin ictimaiyyətə təqdim edilməsidir. Bu isə ay ərzində çoxsaylı informasiyanın dövriyyəyə daxil olmasına, müasir informasiya texnologiyalarından istifadənin asanlaşmasına böyük bir töhfədir.

Təqdimatdan sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyevanın, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənovanın və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Həsənovanın mərkəzlərin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxışları dinlənilib.