Dünyanın gözü Bakıda: Bu gün Avropa Liqasının finalı keçiriləcək

0
382

Bakı Olimpiya Stadionu bir matçdan ibarət olan finallar üçün azarkeş rekordunu qırmaq imkanına malikdir

Bu gün Avropa Liqasının 2018/19 mövsümünün final oyunu keçiriləcək.

Həlledici qarşılaşmada İngiltərə klubları “Çelsi” və “Arsenal” üz-üzə gələcək.

Təkcə Avropa deyil, bütün dünyanın diqqəti Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionuna yönələcək. Saat 23:00-da başlayacaq matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

Avropanın ikinci dərəcəli klub turnirinin həlledici matçı bir sıra məqamlarla tarixə düşəcək. Avropa Liqasında ilk dəfə VAR (Hakimin Video Assistenti) sistemi tətbiq olunacaq. Həmçinin komandalar oyunun sifariş vərəqinə 18 deyil, 23 futbolçu daxil edəcək.

Bakı Olimpiya Stadionu isə bir matçdan ibarət olan finallar üçün azarkeş rekordunu qırmaq imkanına malikdir. 70 min tamaşaçı tutan arena 1999-cu ildə Moskvada qeydə alınan 62 min tamaşaçılıq rekordu yeniləməsi mümkündür.

London derbisinin iştirakçılarına gəlincə, komandalar matça fərqli əhval-ruhiyyə ilə çıxacaq. Premyer Liqadan Çempionlar Liqasına vəsiqə qazanan “Çelsi” mövsümü titulsuz bitirməmək üçün mübarizə aparacaq. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokunu başı üzərinə qaldırmaq arzusundadır.

Bu görüş London təmsilçilərinin 198-ci dueli olacaq. Bunların 76-da “Arsenal”, 63-də “Çelsi” qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bakıdakı final komandaların avrokuboklarda üçüncü qarşılaşması olacaq. İngiltərə klubları yalnız 2003-2004-cü illər mövsümündə Çempionlar Liqasının 1/4 finalında üz-üzə gəliblər. Komandalar arasındakı ilk matç heç-heçə (1:1) bitib, səfərdə rəqibini məğlub edən (2:1) “Çelsi” növbəti mərhələyə vəsiqə qazanıb.

“Çelsi” avrokuboklarda 9-cu dəfə final oyununa çıxacaq. “Zadəganlar” bunların 5-də qələbə qazanıb. Komanda 1971-ci ildə UEFA Kuboklar Kubokunun finalında İspaniya “Real Madrid”ini iki görüşün nəticəsinə əsasən məğlub edib 1:1;2:1. “Çelsi” 1998-ci ildə isə eyni turnirin finalında Almaniyanın “Ştutqart” kollektivindən üstün olub – 1:0. London təmsilçisi 2008-ci ildə Çempionlar Liqasının finalında “Mançester Yunayted”ə əsas vaxtı heç-heçə (1:1) bitən görüşdə penaltilərdə uduzub – 6:5. “Göylər” 2012-ci ildə də isə 1:1 hesabı ilə bitən finalda Almaniya “Bavariya”sını penaltilərdə 4:3 üstələyərək Çempionlar Liqasının qalibi olub. “Zadəganlar” 2013-cü ildə Portuqaliya “Benfika”sını məğlub edib və tarixində ilk dəfə Avropa Liqasını qazanıb. UEFA Super Kubokunun da üç dəfə iştirakçısı olan “Çelsi” 1998-ci ildə “Real Madrid”i məğlub edib (1:0), 2012-ci ildə “Atletiko Madrid”ə uduzan komanda (1:4), 2013-cü ildə bərabərliklə yekunlaşan (2:2) matçda “Bavariya”ya penaltilər seriyasında uduzub – 4:5.

“Arsenal” isə 7-ci dəfə UEFA turnirlərində final matçına çıxacaq. “Topçular” bunların yalnız birində qələbə qazana bilib. Komanda 1994-ci ildə UEFA Kuboklar Kubokunun finalında İtaliyanın “Parma” klubunu məğlub edərək çempion olub. London təmsilçisi 1980-ci ildə eyni turnirin finalında qolsuz yekunlaşan matçda İspaniya “Valensiya”sına penaltilərdə uduzub – 4:5.

“Topçular” 1995-ci ildə isə İspaniyanın digər təmsilçisi “Real Saraqosa” ilə bacarmayıb – 1:2. “Arsenal” 1994-cü ildə UEFA Super Kubokunda iki görüşün nəticəsinə əsasən İtaliyanın “Milan” kollektivinə məğlub olub – 0:0;0:2. İngiltərə klubu 2000-ci ildə UEFA Kubokunda (indiki Avropa Liqası) da final oynayıb. Londonlular əsas və əlavə vaxtı qolsuz bitən görüşdə penalti zərbələrindən sonra Türkiyənin “Qalatasaray” komandasına uduzub – 1:4. “Arsenal” 2006-cı ildə isə Çempionlar Liqasının finalında məğlubiyyətə uğrayıb. Komanda həlledici görüşdə İspaniyanın “Barselona” komandası ilə də bacarmayıb 1:2.

“Çelsi”bu vaxta qədər avrokuboklarda İngiltərə təmsilçiləri ilə 17 dəfə qarşılaşıb və bunların 6-da qələbə qazanıb, 4-də isə məğlub olub. 7 qarşılaşma isə heç-heçə bitib. “Arsenal” isə ölkəsinin komandaları ilə Avropada 6 dəfə üz-üzə gəlib. Bunlardan heç birində qələbə qazana bilməyən “topçular”, 4 dəfə məğlub olub, 2 dəfə isə heç-heçə edib.

Avropa Liqası

Final

29 may

23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə)

Baş hakim: Canluka Roççi

Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manganelli

Dördüncü hakim: Daniele Orsato

Hakimin video köməkçisi (VAR): Massimiliano İrrati

VAR köməkçiləri: Marko Quida (hamısı İtaliya), Şimon Marçinyak

Offsayd video köməkçisi: Pavel Sokolniçki (hamısı Polşa)

Bakı Olimpiya Stadionu