AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

0
1421

Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini, Milan Politexnik Universitetinin dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn Məktəbinin dekan müavini Françesko Zurlo, professor Mauro Сecenello, dosent Silvia Qrameqna iştirak ediblər.

Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova ötən ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin, o cümlədən AzMİU ilə Milan Politexnik Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. Rektor qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub.

Professor Gülçöhrə Məmmədova mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. Rektor AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib.

Gülçöhrə Məmmədova bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilisdilli tədrisin aparıldığını, bununla da ilkin addımlar atıldığını söyləyib.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılmasının təhsilə töhfə verəcəyini qeyd edən nazir bu münasibətlə AzMİU-nun kollektivini təbrik edib, uğurlar arzulayıb.

İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini öz ölkəsi ilə Azərbaycan arasında təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib. Səfir yeni mərkəzin dizayn ixtisasında təhsil alan tələbələrin mütəxəssis kimi yetişməsində mühüm rolu olacağına əminliyini vurğulayıb.

Digər çıxış edənlər də mərkəzin təşkil olunmasını yüksək qiymətləndiriblər.

Sonra tədbir iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar.

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.