SOCAR AQŞ “Ümid” yatağında unikal qazma və geofiziki tədqiqat işləri aparıb

0
240

SOCAR AQŞ ‘’Ümid’’ yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Bu barədə SOCAR AQŞ-dən məlumat verilib.

Quyu bütövlüyü nəzərə alınmaqla 16 nömrəli quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 nömrəli quyu ‘’Ümid’’ yatağının tarixində yeni səhifə açıb.

SOCAR tarixində ilk dəfə olaraq, quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilib, quyuağzı avadanlıqların yığılmasında yeni metodlar tətbiq edilib və yüksək hasilatın əldə olunması üçün 5 1/2 düymə monobar lift boruları vasitəsilə tamamlanma işləri aparılıb.

Müəssisənin əldə etdiyi uğurlardan biri də ‘’Ümid’’ yatağı üzrə məhsuldar horizontlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olub.

‘’Ümid’’ yatağı tarixində, ilk dəfə olaraq, SOCAR AQS yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5m və 6037-6046m intervalından 100 % süxur nümunələri götürüb, hemetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil verib.

Müəssisənin Geologiya şöbəsinin müdiri Sevinc Qasımova bildirib: ‘’16 nömrəli kəşfiyyat quyusu ‘’Ümid’’ yatağın tam potensialının aşkara çıxarılmasında müstəsna rol oynayib. Əminliklə deyə bilərəm ki, 16 nömrəli quyunun keyfiyyətlə təhvil verilməsi və sifarişçi məmnunluğunun tam yerinə yetiliməsi ‘’Ümid’’ yatağında yeni bir dövrün başlanmasına təkan verir. Belə ki, əlavə özüllərin tikilməsi, quyuların qazılması, işlənməsi və işlənmə rejimlərinin seçilməsi, o cümlədən qaz-kondensat hasilatının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaqdır. Qeyd etdiklərimiz inteqrə edilmiş qazma və quyu xidmətləri göstərən müasir müəssisə olaraq, SOCAR AQŞ-nin inkişaf perspektivlərinin reallığını göstərir.

SOCAR AQŞ kollektivi, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət və strategiyanın həyata keçirilməsində və SOCAR rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasındakı öz töhfəsi ilə qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir”.

Qeyd edək ki, 2017-ci ilin dekabrında SOCAR AQŞ “Ümid-1’’ saylı dəniz stasionar özüldən faktiki dərinliyi 6352 m olan 14 nömrəli istismar quyusunu sifarişçi tərəfindən təyin olunmuş texnoloji parametrlər üzrə tam dəqiqliklə qazaraq uğurla təhvil verib.