Şəhid Milli Qəhrəman ailələri Prezidentlə görüşmək istəyirlər

0
739

Bu gün İctimai Nəzarət Koalisiyasının QHT evi, Yeni Media mətbuat mərkəzində «Milli Qəhrəmanları tanıtma» İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Milli Qəhrəmanların

ailə üzvləri ilə mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən DAMM İB-nin I vitse-prezidenti, İNK-nın və SİMİB-in sədri Rasim Məmmədov Milli Qəhrəman ailələrinin şikayətlərinə həmişə həssas yanaşıldığını, onların bütün problemlərinin daim Ali Baş Komandan İlham Əliyevin diqqətində olduğunu söylədi, hər bir şəhid Milli Qəhrəman ailəsinə Allahdan səbr dilədi.

Sonra “Milli Qəhrəmanları tanıtma” İB-nin sədri Elşən Uluxanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirdi ki, 2001-ci ildə yaranmış təşkilat vətənpərvərlik mövzusu ilə bağlı 160-dan artıq tədbir keçirmişdir. E.Uluxanlı bəzi məmurların Milli Qəhrəman ailələrinə biganəliyindən danışdı: “…Nərimanov rayon İcra başçısının Milli Qəhrəman anasını kabinetindən necə qovduğunun özüm şahidiyəm… Ulu Öndər Heydər Əliyev isə Qaradağ rayonunda bir Milli Qəhrəman anasının şikayətindən sonra elə həmin iclasdaca icra başçısını vəzifəsindən qovmuşdu… Amma bəzi məmurlarımız yenə də Milli Qəhrəman ailələrinə olduqca biganədirər. Biz bu mətbuat konfransının keçirilməsi üçün 3 mətbuat mərkəzinə müraciət etdik, «yox» dedilər. DAMM İB-nin I vitse-prezidenti Rasim Məmmədova minnətdarıq ki, bizə bu şəraiti yaratdı. Biz inanırıq ki, cənab prezident İlham Əliyev də bizim xahişlərimizə biganə qalmayaraq bizimlə görüşəcək və aidiyyəti orqanlara problemlərimizin həlli ilə əlaqədar tapşırıqlar verəcək”.

Sonra Milli Qəhrəman ailələrinin üzvləri çıxış edərək problemlərini dilə gətirdilər, bəzi məmurlara Allahdan insaf dilədilər: «Sizin oturduğunuz o kreslolar, qazandığınız pullar bizim övladların şəhid qanı sayəsində əldə edilib, insafınız olsun!».

Rasim Məmmədov tədbirin sonunda şəhid ailələrinin bütün problemlərinin həllində sona qədər əlindən gələni əsirgəməyəcəyini bildirdi.

“ictimaixeber.az”