İqtisadiyyat nədir?

0
364

Hər bir şəxs öz gündəlik tələbatını ödəmək üçün müəyyən qədər qida məhsulu qəbul etməlidir. Çörək, yağ, pendir, ət və s. süfrələrə gələnə qədər uzun bir yol keçir.

Məsələn, çörək hazırlamaq üçün müxtəlif peşə sahibləri əmək sərf edirlər. Əvvəlcə taxıl əkilir, suvarılır, sünbüllər yetişəndə biçilir, döyülür, alınan buğda üyüdülür və nəhayət, undan çörək bişirilir. Digər qida məhsulları da asanlıqla başa gəlmir. Bundan əlavə, insanın geyim, mənzil tələbatı da ödənməlidir. Ehtiyaclarını təmin etmək üçün hər bir ölkə vətəndaşı işləyir və müəyyən gəlir əldə edir. İnsanın yaşayışı üçün lazım olan vəsait bu gəlirlə ödənir. Gəlir nə qədər çox olsa, tələbat da bir o qədər yaxşı ödənəcək. Əlavə vəsaitə təzə mebel, paltar, kömpüter, planşet və s. almaq mümkündür. Lakin bütün hallarda gəlirlər məhduddur. Mütləq qənaət etmək lazım gəlir. Hər kəs müxtəlif çeşidli mallar içərisindən faydalı hesab etdiyini və imkanına uyğun gələni seçir.

Sahibkarların da öz problemləri var. Onlar da həmişə seçim qarşısında olurlar: İki müxtəlif məhsuldan hansını hazırlamaq daha yaxşıdır? Hər məhsuldan nə qədər satışa buraxılmalıdır? Əlavə işçi cəlb etmək lazımdırmı? Yeni mexanizmlər alınmalıdır, yoxsa köhnə mexanizmlərdən istifadə etmək daha səmərəlidir?
Bu sualların sayını artırmaq da olar. Sahibkarlar bütün hallarda az məsrəflərlə daha çox gəlir əldə etməyə, vəsaitləri qənaətlə xərcləməyə çalışırlar.
Hökumət də geniş imkanlar seçimi ilə üzbəüz qalır: Əlavə fabrik və zavodların tikintisi üçün vəsaitlər nə qədər və hansı qaydada ayrılmalıdır? Kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrini necə artırmaq olar? Hansı bitkilərin əkilməsinə üstünlük verilməlidir? Məhsul buraxılışı necə qurulmalıdır ki, qıtlıq yaranmasın? Hansı məhsullar ölkə daxilində hazırlana bilər, hansılar xaricdən gətirilməlidir? Pulun dəyərdən düşməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Bunların və buna bənzər digər sualların düzgün cavablandırılmasının ölkə üçün, onun vətəndaşları üçün mühüm əhəmiyyəti var.

Bütün bu məsələləri iqtisadiyyat elmi öyrənir.
İqtisadiyyat – insanların öz ehtiyaclarını təmin etmək məqsədilə məhdud vəsaitdən necə istifadə etməsi barədə elmdir.
İqtisadiyyatda qənaət vacibdir. Qənaət etmək – lüzumsuz xərclərin aradan qaldırılmasına, itkilərin azaldılmasına imkan yaradır.
Qədim bir ərəb rəvayəti var: Bir nəfərin var- dövləti başından aşırmış. Hansı işə girişirmişsə, hədsiz mənfəət götürürmüş. Ağıllı bir adamdan bunun səbəbini soruşur. Həmin adam cavab verir ki, yeməyi dəvə üstündə ye, biləcəksən. Dövlətli şəxs məsləhətə əməl etsə də, qazancı daha da artır. Yenə də ağıllı adamın yanına gedib heç bir dəyişiklik olmadığını söyləyir. Ağıllı adam deyir:
– Mən elə bildim ki, sən dəvənin üstündə yemək yeyəndə çörək qırıntıları ətrafa səpələnəcək. Amma görünür, sən süfrəni elə düzəldibsən ki, hətta dəvə üstündə də itkiyə yol vermirsən. Bərəkət də bu qənaətin hesabına yaranır.
Bu rəvayətin mənası budur ki, bir tikə çörəyin də qədrini bilən adam mənasız yerə heç nə sərf etmir və ona görə gördüyü bütün işlərdə uğur qazanır