Həyat gənc rəssamların gözü ilə…

0
868

 

“Artıq 3 ildir ki, rəssamlıq həyatımın ayrılmaz hissəsidir. Arzum bu sənətin inkişafında mənim əsərlərimin də önəmli yer tutmasıdır…”

Bu sözləri 14 yaşlı Abdurrəhim Bağırlı söylədi.

Bakıda dünyaya göz açmış bu istedadlı oğlan ilk təhsilini Xətai rayonundakı 138 nömrəli məktəbdə almışdır. Valideynləri onun təsviri incəsənətə olan marağını və qabiliyyətini nəzərə alaraq Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasında təhsil almasına razılıq vermişlər.

Gimnaziyaya təhsil aldığı müddətdə mükəmməl rəsmləri ilə müxtəlif tədbirlərin və müsabiqələrin fəal iştirakçısı və qalibi olmuş Abdurrəhimin maraqlı kompozisiyası, orijinal ideya müxtəlifliyi, bacarıqlı rəng həlli ilə zövqləri oxşayan yaradıcılıq nümunələri həmçinin “Fövqəladə Hallar Uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində fərqləndiyinə görə barelyefli kompozisiya həllində I yerə layiq görülmüşdür.

2018-ci ildə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Təhsil Naziri Ceyhun Bayramov tərəfindən “Fəxri Fərman”la təltif olunmuşdur.

Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsində ümummilli liderin uşaqlara olan məhəbbətini əks etdirən tablosu yüksək qiymətləndirilərək “Diplomla” təltif olunmuşdur.

Bütün bunlar istedadlı gəncin uğurlarının hamısı deyil. Onun rəsmləri Türkiyə, Çexiya, Yaponiya, Bolqarıstan və Sloveniyada da nümayiş etdirilmiş, böyük maraqla qarşılanmışdır.

Azərbaycan mədəniyyəti və incəsənətinin yüksək səviyyədə təbliğatına xidmət edən bu əsərlər mayın 3-də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB, İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzi İB tərəfindən ulu öndər Heydər Əliyevin 96-cı ildönümü münasibəti ilə “Nadir Gənc İntellektual Rəssamlar” sərgisində də nümayiş etdiriləcək. Onu da qeyd edək ki, sərgidə daha bir gənc rəssam Surə Dadaşzadənin də yaradıcılıq nümunələri nümayiş olunacaq.

“ictimaixeber.az”