Efirin Kamili- Həmsöhbətin Kamili

0
272

Azərbaycanda çox qədim tarixi və təbiət abidələri, ziyalıları, zəngin adət-ənənələri ilə məşhur olan kəndlər var. Sıralamalı olsaq, ilkin yerlərdən birini də Naxçıvandakı Nehrəm kəndi tutar. Nehrəmin keçmişi o qədər qədimdir ki, əfsanələrə və rəvayətlərə bürünərək, bu
gün də sirli və soraqlı kitaba çevrilib. Özünəxas yumoru, zəngin mənəvi aləmi bu kəndin adamlarını diqqət mərkəzinə çəkir. Nehrəmli olan məclisdə xoş gülüş ovqatı var, səmimi zarafatlar insanları birbirinə bağlayan ünsiyyət körpüsünə çevrilir. İlk dəfə on illər öncə doğmalarımdan birinin toy məclisində tanış olduğum Kamil Məhərrəmoğlunun xüsusi aparıcılıq, məclisi ələ almaq qabiliyyəti yaddaşımda iz buraxdı. Və istər-istəməz ictimai radionun efirindən onun cazibəli nitqini, sərrast, aydın danışığını dinlədikcə ruh etibarilə nə qədər yaxın olduğumuzu da anladım. Sonrakı görüşlərimizdə mövzu doğmalığımız, fikir mübadiləsində eyni hədəflərdə görüşlərimiz aramızda sıx bir ünsiyyət yaratdı. Və bu ünsiyyətin nə vaxt, necə dostluğa çevrilməsindən mənim heç xəbərim də olmadı. Düşünürəm ki, bu, elə Kamil üçün də belə olub. Aramızda bir qədər yaş fərqi var. Mən 65-i yenicə tamamlamışam. O da bu günlərdə 60-ı yola salacaq. Ekran, efir adamları, xüsusilə, telepublisistlər, radio jurnalistləri yazıya o qədər də meyilli olmurlar. Onlar daha
çox televiziyada çəkdikləri verilişlərlə, araya-ərsəyə gətirdikləri kadrlarla, radio jurnalistləri isə nitqləri, düşüncələrinin məhsulu olan efir verilişləri ilə yadda qalır. Bir növ, görünməyən tanınmışlar kimi varlığımızın qorunması uğrunda həyatlarını sərf edirlər.
Kamil Məhərrəmoğlu poeziya vurğunudur. Dostların, doğmaların məclislərində həmişə başa çəkilir. Və o da aydın, cazibəli, məntiqi nitqi ilə çox asanlıqla ətrafın diqqətini özünə çəkir. Əgər belə demək mümkünsə, məclisi ələ almağı, insanları idarə etməyi də özünəxas bir kamilliklə bacarır. Azərbaycan poeziyasının örnəkləri maraqlı əhvalatlar, rəvayətlər, əfsanələr məqamına görə elə ustalıqla seçilib yerində işlədilir ki, hər kəs vaxtın necə
getdiyindən xəbəri olmur. Əlbəttə ki, Nehrəm zarafatları da öz yerində.
Bir dəfə “Həmsöhbət” verilişindən çıxmışdım. Çox canlı veriliş alınmışdı.
Yaxşı əhvalda söhbəti bitirdik. Getmək istəyəndə Kamil də mənimlə çıxdı. Dedim:
– Yox, əziyyət çəkmə, özüm gedərəm.
Dedi:
– Nə danışırsan, nehrəmli ola, qonağı qapıya qədər yola salmaya.
– Sağ ol, ay Kamil, bu, lap qonaqpərvərliyin zirvəsidir ki… – sözlərimin cavabına Kamildən gülərək yaxşı bir
cavab gəldi.

Dedim:
– Nəyə gülürsən? – sualımı üzünə işıq salan gülüşünə davam edərək cavabladı:
– Hə, elə bilərsən… Nehrəmli qonağı ona görə qapıya qədər yola salır ki, baxıb görsün qonaq tamam getdi, ya bir də qayıdar. – Bu da Kamilin yaddaşına yığdığı Nehrəm lətifələrindən biri.
Onu da deyim ki, Kamil Məhərrəmoğlu ustad radio jurnalisti kimi müsahibini xüsusi danışdırmaq bacarığı ilə ovsunlayır. Qarşısındakının yaddaşında düşüncənin alt qatına enmiş fikir aləminə elə açar salır ki, xatirələrin ən şirin layları üzə çıxır.
Burada bir məqamı gərək qeyd edim; belə mütəxəssislərin dəsti-xətti, üslubu efirə yeni gələn gənclər üçün yaxşı praktika, təcrübə məktəbidir. Gərək öyrənməyə meylli olsunlar.
Təbiət etibarilə istiqanlı adamdı. Şirin danışığı, ülfətli münasibəti ilk tanış olduğu adamda ən yaxşı təəssüratla iz buraxır.
Mən onun vaxt sarıdan heç vaxt gileyləndiyini görməmişəm. Dostla görüşə ətraflı hal-əhvalla, yaxınların özünə borc bildiyi məclislərinə də yetərincə vaxt tapır. Müşahidə eləmişəm ki, onun hər görüşü özünün “Həmsöhbət” verilişi üçün bir kəşfiyyatdır, hazırlıqdır.
Yuxarıda qeyd elədim ki, radio jurnalistləri yazı-pozuya elə də çox həvəs göstərmir. Ancaq Kamil Məhərrəmoğlu bu sarıdan da istisna yaradır. Bir-birinin arxasınca bir neçə kitabı işıq üzü görüb. “Uzun, incə bir yoldayam” (2013), “Tarixi özündə yaşadan kənd” (2014), “Azərbaycan türkünün daş pasportu” (2015)… əgər belə demək mümkünsə, bu kitablarında yaradıcılıq bioqrafiyasını xüsusi istək və ilhamla davam etdirən Kamil Məhərrəmoğlu mənəvi cavabdehlik daşıdığı etnosun taleyinə öz borcunu verməyə çalışır: “Mən kəndimdən
başladım. Kəndim mənim başlanğıcım, mənəvi qibləmdir. Hər dəfə yolum Nehrəmə düşəndə, ilkinliyimə qayıdıram. Həmyaşıdlarımla görüşlərim sanki həyatımın dəyərini mənə xatırladır. Yazdıqlarıma minnətdarlıq duyğuları ilə münasibət bildirən yaşlılar gözümdə daha da ucalır. “Hə, bu Məhərrəmin oğludur, kəndimizdən də kitab yazıb… Düşünürəm ki, bundan üstün bu insanlardan mən hansı mükafatı ummalıyam? Nehrəm haqqında
yazdığım kitabı gələcək yaradıcılığım üçün ən yaxşı özül hesab edirəm”. Onun doğulub böyüdüyü və pərvazlanıb üzü böyük Azərbaycana doğru gəlişinə yol açmış Nehrəmin taleyi bu yerə, yurda bağlı olan insanların taleyidir. Elə bu da Kamil Məhərrəmoğlunun qənaətidir. Axı Nehrəm sevilməyə layiqdir.
Azərbaycanın siyasi, mənəvi mühitinə zaman-zaman ən yaxşı övladlar bəxş edib.
Təsadüfi deyil ki, Kamil Məhərrəmoğlu “Tarixi özündə yaşadan kənd” kitabına Ulu Öndər Heydər Əliyevin sözünü epiqraf gətirib: “Mən bu kəndi həmişə sevmişəm, indi də sevirəm. Bu sözləri bu gün nehrəmlilərə böyük hörmət və ehtiram hissi ilə deyirəm”.
Kamilin bu kitabla bağlı ən üstün yaradıcılıq məziyyəti onun həm ayrı-ayrı adamlar, həm də olub keçən hadisələrlə bağlı qeydləri səmimiyyətlə qələmə almasıdır. Başqa bir çoxları kimi onun yazıları münaqişə ocağı yaratmır, insanları bir-birinə tərəf səsləyir, doğmalıq hissi yaradır.
Böyük ailə olublar. Müharibədən sonranın ağır çətinlik dövrünü, maddi məhrumiyyətləri onlar da yaşayıblar.
Çətinliklər bu ailənin başını poza bilməyib, bütövlüklərini, ən başlıcası, halallıqlarını qoruyub saxlayıblar.
Ailənin bir ev əhvalatı olub. Hər cür təpkilərə məruz qalsalar da, kimsənin qarşısında sınmayıblar. Halallıqla ata evi qurub, yurd-yuva salıblar.
Bir dəfə məni qardaşı Allahverdi Məmmədli ilə də tanış elədi. Eyni ad və soyadlı bir çox tanınmış ziyalılarımız var. Ona elmi işinin müdafiəsindən sonra dedim ki, bu da oldu bizim Molla Nəsrəddin – Allahverdi Məmmədlimiz.
Mən Kamilin ailədə neçənci övlad olmağını demirəm, amma onu deyirəm ki, müdrik bir ağsaqqal kimi doğmalarına çox həssas yanaşan insandır. Ustalıqla yol göstərməyi, inamla dayaq durmağı var. Bu kitab – yəni Kamilin öz kəndi ilə bağlı kitab məni cəbrayıllı günlərə də qaytardı. Sovet hakimiyyətinin dağıldığı günlərdə Əli Rzayev adlı bir nehrəmli Cəbrayılda rayon Partiya Komitəsinin I katibi idi. O dövrdə Cəbrayılda üzümçülük sürətlə inkişaf edirdi. O vaxt Cəbrayıl, həm də yaxşı məhsuldar sortların tingçilik bazası idi. Nehrəmlilər də ting
sorağına Cəbrayıla gəlmişdilər. Mən də o vaxt rayon qəzetində işləyirdim. Qonaqlarla elə ting bazasında görüşdük. Hiss elədim ki, cəbrayıllılardan çox razıdırlar. Hətta ilk nehrəmli zarafatını da onda eşitmişdim: “Bu cəbrayıllılar çox qonaqpərvərdirlər, az qala nehrəmlilər qədər”.
Sözdəki incə yumorun dadı, tamı yaddaşımın alt qatında idi. Və onu üzə çıxaran Kamil Məhərrəmoğlunun -Nehrəmlinin “Tarixi özündə yaşadan kənd”i oldu.
Maraqlıdır ki, Kamil müəllim həyatdakı ziyalılığını əsərində də axıracan qoruyur. Hətta kitabının sonunda hansı məqamlarasa işıq sala bilmədiyini gümanlayaraq, üzünü oxucularına tutur. Etiraflı bir üzrxahlıq da bildirir:
“…Sonda oxucuma üzümü tutub onu demək istəyirəm ki, adları bu kitaba düşməyə layiq, Nehrəm haqqında söz deməyə haqqı çatan, amma nəzərimizdən qaçan insanlar da ola bilər. Müəllif olaraq belə insanlara bir üzrxahlıq borcum olduğunu bildirirəm. İnşallah, gələcəkdə doğma yurdumuz barədə daha böyük həcmli, daha geniş araşdırmalarla zəngin və ensiklopedik əsərlər ortaya qoymaq niyyətindəyik. İndilik isə bu qədər…” Bu qeydlər
müəllifin mənəvi mühiti, təbiəti haqqında oxucuya çox incə yanaşma istəyi ilə məlumat verir. Əsərin son söz əvəzi qeydləri bir daha müəllifin tanıdığı, ünsiyyətdə olduğu simaları yada salır. Və elə bu yerdə atası və qardaşı haqqında qeydləri də yerinə düşür: “Bütün bunlarla yanaşı, öz duyğularımın, düşüncələrimin məhsulu olan, yaddaşımdan heç vaxt silinməyən insanlar haqqında fikirlərimi də qələmə almağı özümə borc bilmişəm. Hər bir
azərbaycanlı ailəsi kimi bizim ailənin də müəyyən çətinlikləri olub. Atam Məmmədov Məhərrəm mənim idealımdır. Başqa ixtisas sahibi olmağıma baxmayaraq, atam yaşında universitetin jurnalistika fakültəsinə daxil oldum, elə o yaşda da oranı bitirdim. Həmin yaşda atam rəhmətə getdi. Mənsə həmin yaşda ölmədim, atamın yolunu davam etdirdim. Düzdür, qardaşım Allahverdi həmin yolu çoxdan davam etdirir. Mən həmişə deyirəm ki,
Allahverdi atamın, mənsə Allahverdinin yolunu davam edirəm. Allahverdi jurnalistika sahəsində kifayət qədər uğur qazanıb. Hələ tələbə ikən SSRİ Jurnalislər Birliyinin üzvü olub, amma atam haqqında kitab yazmayıb. Ola bilsin, atam haqqında qısa qeydlərim iki qardaşın birləşib kəndimizin ilk jurnalisti Məhərrəm Məmmədov haqqında maraqlı bir kitabın hazırlanmasına səbəb olacaq”. Kamil Məhərrəmoğlunun bu qeydləri göstərir ki, o,
həm də bir nəslin ağacında mənəvi mühitə cavabdehlik missiyası daşıyır.
Əlbəttə, bu qeydlərdə Kamil müəllimin publisistik yaradıcılığından çox onun şəxsiyyət obrazını müasirlərimizə olduğu kimi çatdırmaq istəyi dayanır. Ona görə də Kamili daha bir mənəvi təəssübkeşlik missiyası ilə qələmə aldığı “Azərbaycan türkünün daş pasportu” kitabı haqqında geniş danışmasam da, bir-iki məqamı da nəzərə çatdırmaq istəyirəm. Bu kitabda o, qədim Naxçıvan və ən başlıcası, qədim Naxçıvanın qədimliyini təsdiq edən
özü demiş, “daş pasport”ları xarakterizə edir.
Professor Seyfəddin Rzasoy Kamil Məhərrəmoğlunun bu kitabını özünəxas məntiq və sərrastlıqla belə dəyərləndirir: “Azərbaycan insanı torpağa bağlıdır. Bu bağlılığın əsasında torpaqla sakral-mistik ünsiyyət durur.
Yunan mifologiyasında göyü öz çiyinləri üzərində saxlayan Antey öz gücünü torpaqdan aldığı kimi, Azərbaycan insanı da inamını, inancını, əqidəsini, sevgisini torpaqdan alır.
Torpağına toxunmaq olmaz Azərbaycan xalqının. Torpaq onun namusu, inanc yeri və əqidəsidir. Ona toxunanları Azərbaycan insanı Əshabi-Kəhf kimi müqəddəs yerlərdən güc alıb məhv edir. Kamil müəllimin “Azərbaycan türkünün daş pasportu” adlı əsərinin mənası, mahiyyəti, ideyası və qayəsi elə bundan ibarətdir”. Bu sözlər artıq onun tariximiz üçün, xüsusilə, mifoloji tariximiz üçün gördüyü işin dəyərini göstərir.
Sonda yenə qayıdıram Kamil müəllimin özünə; o, zahirən nə qədər harmonikdirsə, daxilən də bir o qədər harmonikdir. Səliqəli geyimi, hündür boyu, gülərüz siması adamlar arasında kənardan diqqəti cəlb edir. Bu zahiri görkəm aldadıcı da ola bilərdi. Mənəvi yaxınlıq, ünsiyyət göstərir ki, o nə qədər zəngin, həyatsevər bir insandır.
Beləliklə, biz daxili aləmi ilə görkəmi arasında, şəxsiyyəti ilə yaradıcılığı arasında bir-birini tamamlayan keyfiyyət və əlamətləri görürük. Bir sözlə, biz Kamil Məhərrəmoğlunu belə bir bütövlükdə qavrayırıq. Mən də uzun illərin dostluğundan üzü geriyə baxanda Kamil Məhərrəmoğlunun poetik obrazını “Sən mənim Əlincə
qalam” adı ilə gördüm:

Salam əziz dostum, Kamil bəy, salam;
Yaşın altmışında xoş gördüm səni.
Dostluqda basılmaz Əlincə qalam
Ruhumun evində baş gördüm səni.
Türkün daş pasportu adın, ünvanın,
Bir kəndin tarixi sözündən keçir.
Nehrəmi gülüşün, Nuh Naxçıvanın,
Ocağından keçir, közündən keçir.
Həmsöhbət olmuşuq dalğa dilində,
Səsimiz, ünümüz göylərə yetib.
Kədər ölkəsində, ağrı elində,
Şəhər insanlara, köylərə yetib.
Dedim ki, sən mənim Əlincə qalam,
Mən də səndən ötrü Xudafərinəm.
Sədaqət andına əbədi yolam,
Səninlə sevinər, ilim, qərinəm.
Hələlik, ay dostum, yol gedirik biz,
Üzü gələcəyə tikanlar üstə.
Bir gün Araz üstə gülər bəxtimiz,
Təki sən Tanrıdan bir möhlət istə.
… Sözü bilənlərə yaxşı məlumdur: hər kəsin adı, ünvanı poetik obraza çevrilə bilməz. Bunun üçün çox zəngin bir həyat, xüsusi cazibə gücü gərəkdir, bu da Kamil Məhərrəmoğlda var. Yəqin ki, dəyərli oxucu özü bildi bu şeir necə yaranıb.
Dəyərli şəxsiyyət mənsub olduğu etnosun təbiət göstəricisidir. İstər mənəvi, istərsə də zahiri təbiəti ilə doğulub böyüdüyü yerə, yurda, əməli fəaliyyətdə olan mühitə kimliyini təqdim edə bilibsə, bu artıq onun gücüdür -kimliyinin gücüdür.
… Bəzən unuduruq ki, biz həm də dostlarımızla birgə güclüyük; əlbəttə, Kamil Məhərrəmoğlu kimi dostlarımızla.
Əli Rza XƏLƏFLİ
Şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı