Deputatlar Diaspor Komitəsinin 1 illik fəaliyyətinə QİYMƏT VERDİLƏR

0
651
Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasının 1 ili tamam olur.
Ötən bir il ərzində komitədə hansı işlər görülüb?
Fəzail Ağamalı ölkə prezidentinin 2018-ci ilin aprel seçkilərindən sonra yeni hökumətin təşkilini və yüksək vəzifələrə yeni simaların təyinatını o zaman da yüksək qiymətləndirdiyini bildirib:
“Bu gün də o fikirdəyəm. Komandaya yeni nəslin gətirilməsi hakimiyyətə yeni nəfəs verdi. Fuad Muradova gəldikdə isə deyə bilərəm ki, uzun müddət həmkarım olub. Fuad Muradovla yaxın qonşuluqda fəaliyyət göstərirdik. Demək olar ki, masalarımız yanaşı idi. Onunla ən müxtəlif məsələlər haqqında yeri gəldikcə sakit formada  müzakirə də aparırdıq. Hər zaman bir-birimizi tamamlayan insanlar olmuşuq. Bu gün də Fuad Muradova dostluq  münasibəti bəsləyirəm. O, ciddi vəzifəyə  təyin olunub. İnanırdım ki, onun intellekti, bacarığı, vətənə, xalqımıza sonsuz məhəbbəti, ölkə başçısına  sədaqəti ona bu vəzifədə ciddi uğurlar gətirəcək. Doğrudan da fəaliyyətə başladığı gündən diasporun işini yenidən qurmağa başladı. Əlbəttə, bu proses hələ başa çatmayıb. Hər kəs bilir ki, diasporla bağlı ciddi problemlər mövcuddur. Bu problemləri bir günə, bir aya ya da bir ilə  aradan qaldırmaq fiziki cəhətdən mümkün deyil.
Avropada Xocalı soyqırımı ilə bağlı möhtəşəm bir etiraz mitinqinin keçirilməsi Fuad Muradovun  ən mühüm göstəricilərindən biri kimi diqqəti cəlb etdi. Eyni zamanda, digər ölkələrdə də diaspor işinin yenidən qurulması intensiv şəkildə gedir. Əminəm ki, qısa zaman kəsiyində diaspor sahəsində olan problemlər aradan qaldırılacaq. Çox arzu edirəm ki, Fuad Muradov özünün komandası ilə bu prosesi daha da sürətləndirsin. Çünki zaman bizi gözləmir. Dünyada erməni kimi məkrli düşmənimiz var. Onların güclü diasproru var. Ona görə də zamanı gözləməli deyilik. Onlar illərdir ki, bu təşkilatlanma işi ilə məşğuldurlar. Təəssüf  edirəm ki, ötən müddət ərzində nöqsanlara yol verildi. Ancaq Fuad Muradov başladığı işi uğurla davam etdirir. Ona bu işdə uğurlar arzulayıram”.
Məlahət İbrahimqızının sözlərinə görə, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmayana qədər də aktiv deputat idi:
“Avronest Parlament nümayəndə heyətinin sədri idi. Bu istiqamətdə çox maraqlı işlər görmüşdü. Hətta parlamentə qədər də onun Azərbaycanın gənc liderlərindən biri kimi təcrübəsi vardı. Uşaq və gənclərlə bağlı çox böyük işlər görmüşdü. Diaspor Komitəsinə təyin olunandan sonra isə həmin templə, sürətlə gözəl işlər görür. Dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işində, diaspor fəaliyyətinin təkmilləşdirilməsi sahəsində, Azərbaycançılıq ideyalarının yayılması istiqamətində böyük işlər görülür. Dünya azərbaycanlılarının vasitəsilə vacib məsələlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox gözəl addımlar atılır”
Əflatun Amaşov deyib ki, Fuad Muradov deputat seçildiyi dairədə aktiv fəaliyyəti ilə seçilib:
“Onun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması da uğurlu addımdır. Bunu yüksək qiymətləndirirəm. Az müddətdə xarici ölkələrdəki diaspor təşkilatları ilə görüşüb. Bu sahədə xaricdəki azərbaycanlılar arasında barış toxumu səpib. Onların arasında münasibətləri daha da möhkəmləndirib. Bu xidmətləri görməmək mümkün deyil.  Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupun sədriyəm.  Deyə bilərəm ki, Gürcüstanda olarkən oradakı diaspor qurumlarının fəaliyyətindəki canlanmanı müşahidə edə bilmişəm. Ona görə də bu seçimi düzgün qiymətləndirirəm. Bundan sonrakı işlərində uğurlar arzulayıram”.