Cənubi Koreya sakinləri KXDR ilə sərhəddə 500 kilometrlik canlı zəncir yaradıb – Sülh əlaməti olaraq

0
544

Cənubi Koreya sakinləri aprelin 27-də sülh əlaməti olaraq Koreya yarımadasını bölən demilitarizasiya zonası boyu 500 kilometr uzunluğunda canlı zəncir qurub.Təşkilat komitəsinin nümayəndəsi Kim San Okun sözlərinə görə, aksiya əvvəlcədən müəyyən edilmiş plana tam uyğun baş tutub.“Bəzi skeptiklərin belə böyük miqyaslı tədbirin keçirilməsinin mümkünlüyü barədə şübhələrinə baxmayaraq, hər şey çox gözəl alındı… Aksiyanın əsas məqsədi Koreya yarımadasının cənub hissəsinin sakinlərinin başları üzərində sakit səma istədiyini göstərmək olub. Biz müharibə barədə düşünmədən övladlarımızı boya-başa çatdırmaq, işləmək, adi həyat sürmək istəyirik. Sərhədin qarşı tərəfində yaşayan koreyalıların da bunu arzuladıqlarına əminik. Məhz buna görə yarım milyon insan əl-ələ verib 15 dəqiqə ərzində 38-ci paralel boyu Koreya yarımadasının qərb sahilindən şərq sahilinədək canlı zəncir qurdu”, – deyə o bildirib.Aralarında xarici ölkə vətəndaşlarının da olduğu hər bir iştirakçı təşkilati işlər üçün 10 min von (təxminən 9 dollar) ödəməli idi. Tədbirin təşkilindən sonra artıq qalan vəsait humanitar layihələrə xərclənəcək.Tədbir Koreyanın həm şimalında, həm də cənubunda miqyaslı şəkildə qeyd edilən Yaponiya əleyhinə üsyanın 100 illiyinə həsr olunub. Bundan başqa, düz bir il öncə hər iki ölkənin sərhədində Koreya Respublikasının Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında ilk görüş baş tutmuşdu. Tərəflər tarixi sammitin nəticələrinə əsasən, koreyalararası münasibətlərin sonrakı normallaşdırılma prosesinin əsasını qoyan Phanmuncom deklarasiyasını imzalamışdı. Cənubi Koreya prezidenti yarımadanı ayıran demilitarizasiya zonasının zaman keçdikcə sülh xəttinə çevriləcəyinə, koreyalararası əlaqələrin aktivləşməsinin isə hər iki ölkə əhalisinə, o cümlədən dənizçilərə və sərhədyanı rayonların sakinlərinə təhlükəsizlik təminatı verəcəyinə əminliyini ifadə etmişdi.Demilitarizasiya zonası faktiki olaraq Koreya Respublikası və KXDR arasında sərhəd rolunu oynayır. Neytral zolağın uzunluğu 241 kilometr, eni 4 kilometrdir.