Elektron Hökumət portalından istifadə imkanları

Müsahibim, “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Aydın Xan Əbilov, həm yazar, həm jurnalist, həm də bir internet istifadəçisi olaraq, artıq 2 ilə yaxındır elektron hökumət portalından istifadə etdiyini bildirdi. Elektron Hökumət portalı haqqında kifayət qədər məlumatı olan Aydın Xan Əbilov, həm xidmət sahələrində, həm dövlət qurumları ilə birbaşa təmasda, sosial-məişət ödənişlərini həyata keçirmək üçün elektron hökumət portalından yararlandığını bildirdi. O, elektron hökumət portalının imkanlarından daha yaxşı istifadə etmək üçün elektron imza aldığını, eyni zamanda “Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri olaraq elektron imza vasitəsilə müəyyən vergi, sosial müdafiə və digər qurumlara öz hesabatlarını təqdim etdiyini bildirdi. Elektron hökumət portalının müasir imkanları bu gün müsahibimi qane edir, lakin o bildirir ki, hər bir yeni təchizat kimi onunda çatışan və çatışmayan cəhətləri var. Aydın Xan müəllim bildirir ki, elektron hökumət yalnız intellektual savadlı insanlar üçün nəzərdə tutulmuyub, geniş əhali kütləsi üçün nəzərdə tutulub. ASAN xidməti misal gətirən müsahibim qeyd etdi ki, ASAN xidmət ona görə insanlar tərəfindən tez bir zamanda qəbul edildi ki, burada sadə insanların istifadəsi üçün maksimal dərəcədə asanlaşdırılmış xidmətlər var. O cümlədən bunun elektron variantınıda elektron hökumət portalında tətbiq etmək olar. “Bəzən mən özümdə müəyyən nazirliklərin təqdim etdiyi xidmətin imkanlarından yararlanmaqda çətinlik çəkirəm. Bu baxımdan portalda müəyyən funksiyalarda rahat bölümlərin olmasını məsləhət görürəm ki, bu xidmətlərdən sadə vətəndaşdan tutmuş ən ağıllı insana qədər istifadə edə bilsin.” Bütün xidmətlərin elektron variantının olmamasından şikayətlənən müsahibim düşünür ki, dövlətin digər strukturlarıda elektron hökumət portalında təmsil olunmalıdır. Burda həmçinin qeyri-hökumət təşkilatları, ali məktəblər, orta məktəblər, uşaq bağçalarınında xidmətlərinin təklif olunmasını məsləhət gördü.