Bu alimlərimizin nəzəriyyələri bəşəriyyətə faydalıdır- “Gizli Lütfi Zadələr”

Ötən həftə dünya elminin ən böyük simalarından olan Lütfi Zadənin oğlu Norman Zadə atasının səhhətinin ağır olduğunu, dünyasını dəyişdikdən sonra Bakıda dəfn olunmasını vəsiyyət etdiyini bildirib. Təbii ki, biz dünya elminin yeni mərhələsini yaradan alimə Allahdan can sağlığı arzulayırıq. Yaşından asılı olmayaraq, kimin nə zaman bu dünyadan köçəcəyi bizim səlahiyyətimiz xaricindədir… Amma bir hüquqi sənəd kimi vəsiyyətin də öz hökmü var. Həmin vəsiyyətdəki Azərbaycan sevgisi də yəqin, hamıya agah oldu. Zadənin Azərbaycana bağlılığı haqqında bir çox suallara aydınlıq gətirdi.  Əsl elm brendi olan Lütfi Zadənin Bakıda dəfni bu şəhəri dünya elminin mərkəzlərindən birinə çevirmək gücündədir.
İctimaiXəbər.az təqdim edəcəyi yazıda bu dəfə başqa məsələyə toxunacaq. Doğrudur, Lütfi Zadə böyük, hətta böyükdən də böyük alimdir. Amma nəzəriyyəsi dünyaya fayda verəcək yeganə azərbaycanlı deyil. Siyahıda başqaları da var. Doğrudur, onların nəzəriyyələri “Qeyri-səlis məntiq” səviyyəsində olmasa da, yenə də elm üçün vacib yeniliklərdir. Onsuz da “Qeyri-səlis məntiq” nəzəriyyəsinin dünyada analoqu yoxdu. Bu səbəbdən də aşağıda adını çəkdiyimiz alimləri Zadə ilə, nəzəriyyələrini də nəzəriyyəsi ilə müqayisə etmirik. “Gizli Lütfi Zadələr” təşbehində isə müqayisə deyil, eyni yolun yolçuluğu ön plana çəkilir:
Murtuza Nağıyev  – Bu alimin adı ilə yeni bir elm sahəsi-kimya texnologiyasının nəzəriyyəsi yaranıb  və inkişaf edərək müstəqil bir elm səviyyəsinə gəlib çatıb.
“Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi”, monoqrafiyasını dünyanın bir sıra (ingilis, alman, çin) dillərinə tərcümə edilib və tədris olunub. Akademik M.F. Nağıyevin  əsas elmi işləri neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikasına aiddir. Nağıyev fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri özündə birləşdirən resirkulyasiya proseslərinin nəzəriyyəsini yaradıb ki, bu da dünya elmində görünməmiş bir hadisə idi.
Zahid Xəlilov  – Avropada uzun müddət bu alimimin funksional analizlə bağlı yazdığı monoqrafiyadan istifadə olunub.  Funksional analiz, onun İnteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi bu gün də bir çox ölkələrdə tətbiq olunur. Azərbaycanda funksional analiz məktəbinin əsasını qoyan alim Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini də  tədqiq edib.
Məcid Rəsulov – Riyaziyyatçı alim dəqiq elmlərin 4 istiqamətində fəaliyyət göstərib. Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi isə bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Mirabbas Qasımov – SSRİ miqyasında 100-dən artıq elmi işi nəşr olunan alim  “Funksional analiz və onun əlavələri”  və “Diferensial operatorların spektral nəzəriyyəsi”  ilə bu gün də dünya elmində öyrənilən alimlər sırasındadır.
Rafiq Əliyev –Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:
– AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması
– Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması
– Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi
 – ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi
 Alimin sonuncu iki nəzəriyyəsi – Dayanıqlılıq və Qərarqəbuletmə nəzəriyyələri modern elmi hadisələrdən sayılır. Həmin nəzəriyyələr bu gün Amerika və Avropa universitetlərində tədqiq olunur
 
Əli Cavan – Dünya qaz lazerinin atası adlandırılan  “Şərqin Eynşteyni” professor Əli Cavanın da qaz lazer nəzəriyyəsi bu gün də öz aktuallığını saxlayır. Alim bu ixtiraya görə Nobel mükafatını  bir addımlığında olsa da  sonradan bəzi səbəblər üzündən ondan məhrum olunur. Əli Cavan dünyanın yaşayan 100 dahisi arasında 12-ci yeri tutur.
Elyaz Babayev – Hazırda ABŞ-ın Minnesota ştatında yaşayan və çalışan alim dünyada modern sümük nəzəriyyəsinin banisi   hesab olunur. “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu” adlı elmi kəşfi ilə dünya elm tarixinə düşüb.